CƏMİYYƏT
Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində 25 nəfər həlak olub VİDEO
Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə məlumatı
Bakı, 2 mart, AZƏRTAC
Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Səhiyyə nazirlikləri Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı birgə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda martın 2-də saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verdiyi bildirilir. Qeyd edilir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb olunub.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin edilib.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Yanğın saat 08.30-da söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.