CƏMİYYƏT


Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Azərbaycanda HİV ilə bağlı vəziyyətdən danışıb

Bakı, 1 dekabr, AZƏRTAC

1 dekabr tarixində bütün bəşəriyyətin qeyd etdiyi Ümumdünya QİÇS-lə Mübarizə Günündə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova onlayn müsahibə verərək, ölkəmizdə bu xəstəliklə bağlı vəziyyətdən danışıb.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

O, 2020-ci il bu günün "Beynəlxalq Həmrəylik, Ümumi Məsuliyyət" şüarı altında və COVID-19 pandemiyasının yaratdığı olduqca çətin bir şəraitdə qeyd olunduğunu diqqətə çatdırıb: “Ümumdünya QİÇS-lə Mübarizə Günü Azərbaycan ərazilərinin işğaldan azadolma tarixi dövrünə təsadüf edir. COVID-19 pandemiyasının beynəlxalq səhiyyə sistemi üçün bir sıra qlobal problemlər yaratdığı bir dövrdə ölkəmizin Səhiyyə Nazirliyi tərəfindən tədbirlər keçirilir. Belə ki, ölkəmizdə İİV-ə testləşmənin aparılmasının təşviqi, müalicənin əlçatanlığı və fasiləsiz təmin olunması, QİÇS-lə bağlı ölüm hallarının azalması və İİV-lə yaşayan insanlara qarşı damğa və ayrı-seçkilik hallarının qarşısının alınması üçün hər cür şərait yaradılıb. Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi və QİÇS-ə qarşı tədbirlərə kifayət qədər sərmayənin qoyulması son bir neçə onillikdə ölkəmizdə İİV infeksiyasının yayılması ilə bağlı vəziyyətin sabitləşdirilməsi üçün imkan yaradıb, indi isə COVID-19 virusuna qarşı mübarizə tədbirlərinə dəstəyi təmin edib”.

Esmira Alməmmədova, həmçinin dünyada və Azərbaycanda bu xəstəliklə bağlı bəzi statistik məlumatları da bölüşüb: “Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə Birgə Proqramına (UNAIDS) görə, hazırda dünyada 38 milyon HİV ilə yaşayan insan var. Bunlardan 1.8 milyonu 14 yaşdan kiçik uşaqlardır. Artıq 25.4 milyon insan həyat üçün zəruri antiretovirus müalicəsinə (ART) başlayıb, 12 milyonu isə öz müalicə növbəsini gözləyir. Təxminən 7,2 milyon insan yoluxduqlarını bilmir. Ölkəmizə gəldikdə, ümumilikdə, dekabrın 1-nə İİV ilə yaşayan 7247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1864 nəfər QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1082 nəfərdir. Cari ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib. 484 nəfər (98.0 faiz) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0 faiz) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3 faiz) vətəndaşı kişi, 168-i (34,7 faiz) isə qadındır”.

İİV infeksiyasının yayılmasının qarşısının alınması mövzusuna toxunaraq, E.Alməmmədova bildirib ki, profilaktikanın təsirli bir vasitəsi əhalini xəstəliyin özü, yoluxma yolları və qarşısının alınması üsulları haqqında geniş məlumatlandırmaqdır, eyni zamanda, vətəndaşları İİV testindən keçməyə sövq etmək də olduqca vacibdir: “Son onilliklər ərzində davamlı profilaktik tədbirlərin həyata keçirilməsi ölkəmizin əhalisinin testlərdən keçirilmə əhatəsinin daha da genişləndirilməsini təmin edib. COVID-19 pandemiyasına baxmayaraq, İİV testi ilə əhatə nisbəti azalmayıb: bu ilin 10 ayı ərzində 75.499 İİV testi aparılıb. 2020-ci ildə Avropa İİV Test Həftəsi çərçivəsində Azərbaycanda, ənənəvi olaraq, bahar və payız HİV test kampaniyası keçirilib (European HIV Testing Week). Qeyd etmək istərdim ki, “HIV in Europe” beynəlxalq təşkilatının bu təşəbbüsü çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyi 2013-cü ildən etibarən test kampaniyaları həyata keçirir. Bu müddət ərzində ölkə daxilində on minlərlə vətəndaş pulsuz testlərdən keçib, vəziyyətlərindən xəbərdar olub, İİV-infeksiyasının ötürülməsi, qarşısının alınması və müalicəsi yolları haqqında məlumat alıb”.

“Səhiyyə Nazirliyinin və dövlətin həyata keçirdiyi tədbirlərin effektivliyinin başqa bir real nəticəsidir ki, İİV- xəstələrinin 74,7 faizinin dispanser nəzarətində olması və ÜST tərəfindən tövsiyə olunan müasir sxemlərə əsasən lazımi müalicənin alınmasıdır. COVID-19 pandemiyası dövründə Azərbaycanın Səhiyyə Nazirliyinin səyləri ilə antiretovirus terapiyasının təmin edilməsi sabit qalıb: bütün dərmanlar UNDP vasitəsilə alınıb və ölkəyə çatdırılıb. Həmçinin İİV/QİÇS-lə Mübarizə üzrə Milli Proqramın prioritetlərindən birinin İİV-lə yaşayan insanlarda opportunistik və yanaşı gedən infeksiyaların müalicəsidir. Səhiyyə Nazirliyi ÜST tərəfindən "C" virus hepatitinin müalicəsi üçün tövsiyə olunan müasir pangenotipik dərmanları alıb. Cari ilin 11 ayı ərzində İİV-pozitivli və "C" virus hepatit ilə birgə infeksiyalı 1034 nəfər pasiyentin müalicəsini həyata keçirmək üçün imkan yaradıb”, - deyə Esmira Alməmmədova bildirib.

Esmira Alməmmədova müsahibəsi zamanı İİV/QİÇS-lə mübarizədə Səhiyyə Nazirliyinin qeyri-hökumət təşkilatları ilə işbirliyinin xüsusi əhəmiyyət kəsb etdiyi barədə söyləyib: "Vərəm, HİV və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun layihəsi çərçivəsində 13 QİÇS-lə bağlı xidmət göstərən Qeyri Hökumət təşkilatları Səhiyyə Nazirliyi və onun strukturu olan Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə sıx əməkdaşlıq edir. Bundan əlavə, Qlobal Fond, UNAIDS, WHO, UNICEF, INDP və digər beynəlxalq təşkilatlar kimi böyük tərəfdaşlarla əməkdaşlığı davam etdirilir”.

Müsahibəsinin sonunda Esmira Alməmmədova qeyd edib ki, koronavirus pandemiyası hamının ümumi təhlükəsizliyinin hər kəsin individual bir təhlükəsizliyindən birbaşa asılı olduğunu aydın şəkildə nümayiş etdirib: “İstənilən uğurlu nəticəni əldə etmək üçün ehtiyacı olan hər kəsə daima vaxtında yardım göstərmək lazımdır. Damğanın və ayrı-seçkiliyin aradan qaldırılması, əhalinin mənafelərinin nəzərə alınması, insan hüquqları və gender bərabərliyinə əsaslanan yanaşmaların tətbiq edilməsinin həm İİV/QİÇS, həm də COVID-19 pandemiyası ilə uğurlu mübarizənin təməl şərtlərindən biridir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.