QAN YADDAŞI
Respublika Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar faciəsinin qurbanları yad edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canından keçən qəhrəmanların və müharibə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciə haqqında danışaraq deyib: “Həmin gün sovet qoşunları tərəfindən Bakıda mülki əhaliyə qarşı insanlığa sığmayan qırğınlar törədildi. Təbii ki, bu cür qırğınlar törətməklə keçmiş imperiya rəhbərliyi xalqın iradəsini sındırmaq, gözünü qorxutmaq istəyirdi. Lakin xalqımız heç nədən qorxmadan mübarizəsini sona qədər davam etdirərək müstəqilliyini bərpa etdi. Bu gün Azərbaycan Vətən müharibəsində torpaqlarını düşmən işğalından azad edərək Zəfər qazanan və ərazi bütövlüyünü bərpa edən güclü dövlətdir. Azərbaycan regionun istər siyasi, istər hərbi, istərsə də iqtisadi baxımdan lider ölkəsidir. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin apardığı müdrik siyasətin və xalqımızın birliyinin sayəsində mümkün olub”.
Baş direktor qeyd edib ki, bu gün Azərbaycan xalqı öz ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından, qanından keçən Vətən övladlarını böyük qürur və ehtiramla anır.
Mərkəzin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı isə öz çıxışında təkcə ötən əsrin müxtəlif vaxtlarında ermənilər tərəfindən xalqımıza qarşı törədilən qırğınlar barəsində danışıb. O qeyd edib ki, ötən əsrin 90-cı illərində qanlı şənbə gecəsində baş verənlər keçmiş sovet imperiyasının sonunu gətirdi. “Biz bu gün 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik. Çünki bu tarix bizim şərəf tariximizdir və hər zaman qan yaddaşımızda qalacaq”, - deyən şöbə müdiri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən həm düşmənin 30 illik işğalına son qoyulduğunu, həm də şəhidlərimizin qisasının alındığını bildirib.
Daha sonra informasiya şöbəsi tərəfindən hazırlanmış 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.