QAN YADDAŞI
Respublika Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar şəhidlərinin xatırəsi yad edilib
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 20 Yanvar faciəsinin 29-cu il dönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olan sovet qoşunlarının dinc əhalini qətlə yetirməklə insanlığa sığmayan vəhşiliklər törətdiyini deyib. Qanlı Yanvar faciəsinin Azərbaycan tarixinin şərəfli səhifələrindən biri olduğunu bildirən baş direktor xalqımızın şəhidlərini heç vaxt unutmadığını və onların xatirəsini hər zaman hörmətlə yad etdiyini diqqətə çatdırıb.
Qurban Yetirmişli, həmçinin həmin terror aktının başvermə səbəblərindən, o vaxtkı hakimiyyətin siyasi qabiliyyətsizliyi nəticəsində xalqımızın başına gətirilən müsibətlərdən də danışıb. Daha sonra baş mühəndis Rauf Muradov, maqnometriya şöbəsinin mühəndisi Bəxtiyar Xanbutov və mühəndis geologiyası və mikrorayonlaşdırması şöbəsinin böyük elmi işçisi Yaqub Əhmədov çıxış edərək həmin gecə yaşanan hadisələr haqqında xatirələrini bölüşüblər.
Tədbirin sonunda 20 Yanvar şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.