CƏMİYYƏT


Respublika Seysmoloji Xidmət Mərkəzində Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi ilə görüş keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi ilə ikitərəfli görüş keçirilib.

Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA nəzdində RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəzin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev, ASA-nın icraçı direktorunun müşaviri Məmməd Ağayev və ASA-nın hüquqşünası Turanə Axundova iştirak ediblər.

Mərkəzin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qonaqlara mərkəzdə aparılan kompleks seysmoloji tədqiqatlar, sığorta şirkətləri ilə mərkəz arasında olan ikitərəfli əməkdaşlıq məsələləri haqqında məlumat verib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev görüşün əsas məqsədi barəsində danışarkən qeyd edib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi sığorta şirkətləri ilə yaxından əməkdaşlıq edən dövlət qurumlarındandır.

ASA-nın icraçı direktoru sığorta şirkətləri ilə dövlət qurumları arasında sənəd dövriyyəsində əməkdaşlığın avtomatlaşdırılması zərurəti yarandığını və artıq bəzi dövlət qurumları ilə sığorta şirkətlərinin bu sistemə keçirildiyini bildirib. Onun sözlərinə görə, bu sahədə artıq müsbət nəticələr də əldə olunub.

Təklifi müsbət qiymətləndirən Q.Yetirmişli bildirib ki, sığorta hadisələri ilə bağlı bəzi məsələlərin aydınlaşdırılmasında müəyyən zaman tələb olunur. Bu bir çox hallarda baş verən sığorta hadisəsinin olduğu ərazidən və onun geoloji quruluşundan asılı olur. Bununla belə baş direktor təklifin dəyərləndiriləcəyini və bu istiqamətdə müsbət nəticələr əldə olunması üçün bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə də toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.