CƏMİYYƏT


Respublika Seysmoloji Xidmət Mərkəzində altı ayın yekunlarına həsr olunan videokonfrans keçirilib

Bakı, 29 iyul, AZƏRTAC 

İyulun 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının videokonfransı keçirilib.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, gündəliyə bu ilin birinci yarımilliyində aparılmış elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabatların müzakirəsi daxildir. Hazırda dünyada COVID-19 virusu ilə bağlı pandemiya şəraitinin davam etdiyini deyən baş direktor Azərbaycanda pandemiya elan ediləndən bu günə qədər mərkəz fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında davam etdirdiyini bildirib.

Daha sonra mərkəzin seysmologiya, geofizika, geokimya bölmələri üzrə müvafiq şöbələrinin rəhbərləri tərəfindən son altı ayda aparılmış elmi tədqiqatların nəticəsinə dair hesabatlar təqdim edilib.

“Azərbaycan və ətraf bölgələrdə baş vermiş zəlzələlərin tədqiqi” mövzusunda çıxış edən “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova bildirib ki, bu ilin altı ayı ərzində büro tərəfindən 5303 (uzaq, regional və Azərbaycan) zəlzələ qeydə alınıb. Həmin zəlzələlərdən 2029-u yerli, 2134-ü isə regional zəlzələlər olub. 1140-ı isə uzaq zəlzələlərdir. Büro rəisinin sözlərinə görə, ilin birinci yarısında Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası 3-dən yuxarı olan (ml>3) 47 zəlzələ qeydə alınıb ki, onlardan da 11-i hiss edilən zəlzələlərdir.

Konfransda Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Zəlzələ ocaqlarının tədqiqi və Beynəlxalq seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti haqqında”, Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin müdiri Zəhra Əliyeva “Mühəndis-seysmoloji tədqiqatlar” mövzularında çıxış ediblər.

Geofizika bölməsi üzrə hesabatı baş direktorun elmi işlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev, Geokimyəvi tədqiqatlar üzrə hesabatı isə “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Ramidə Kərəmova təqdim ediblər.

Elmi hesabatların müzakirəsindən sonra mərkəzin elmi-istehsalat sahəsi üzrə müvafiq şöbələrin rəhbərləri (İnformasiya şöbəsi Vüsalə Rafiqqızı, Beynəlxalq əlaqələr şöbəsi Telman Cəfərov, Tədris şöbəsi Gülnarə Alxanova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Ağazadə) tərəfindən son altı ayda görülmüş işlərə dair hesabatlar məruzə edilib.

AMEA Neft və Qaz İnstitutunun direktor vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov RSXM tərəfindən görülən işləri müsbət qiymətləndirərək, aparılan elmi tədqiqatların genişləndirilməsi üzrə müvafiq təkliflərini verib.

Hesabatların müzakirəsindən sonra şöbələrə qarşıda duran vəzifələr və prioritet istiqamətlər üzrə aparılan tədqiqat işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.