CƏMİYYƏT
Respublika Seysmoloji Xidmət Mərkəzində şöbələr üzrə illik hesabatlar təqdim edilib
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) şöbələr üzrə illik hesabatların təqdimatı ilə bağlı Elmi-Texniki Şuranın növbəti iclası keçirilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli gündəliyi elan edib.
Tədbirdə bildirilib ki, 2018-ci il ərzində RSXM 12 qrant layihəsinin iştirakçısı olub. Bununla yanaşı, mərkəzin xarici ölkələrlə əlaqələri genişləndirilib. Təşkilatın rəsmi internet səhifəsi www.seismology.az saytına yerli və xarici ölkələrdən baxış sayında böyük artımlar müşahidə edilib. Həmçinin mərkəzdə kadr potensialının gücləndirilməsi məqsədilə xarici dillər və ixtisas fənləri üzrə də kurslar davam etdirilib.
Sonra informasiya şöbəsinin müdiri Vüsalə Hüseynova, beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, tədris şöbəsinin müdiri Gülnarə Alxanova və kompleks geokimyəvi tədqiqatlar şöbəsinin müdiri Ramidə Kərəmova 2018-ci il üçün rəhbərlik etdikləri bölmələr üzrə illik hesabatları təqdim ediblər.