CƏMİYYƏT


Respublika Seysmoloji Xidmət Mərkəzinin 40 seysmik stansiyalar şəbəkəsi vasitəsilə yerli, yaxın, uzaq zəlzələlər emal edilir

Bakı, 21 may, AZƏRTAC

Nazirlər Kabineti yanında Operativ Qərargahın respublika ərazisində xüsusi karantin rejimi elan etməsindən sonra bir sıra dövlət qurumları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosu və ölkə ərazisindəki seysmik stansiyalarımızda məhdud sayda əməkdaşlar cəlb olunmaqla fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir. Büronun əməkdaşları tərəfindən sistemin fasiləsiz olaraq işlənməsini təmin etmək üçün proqram təminatları, telemetrik stansiyaların vəziyyəti və parametrlərinə nəzarət edilir. Həmçinin iş prosesində yaranmış hər hansı bir problemlər operativ halda aradan qaldırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli pandemiya dövründə mərkəzdə aparılan tədqiqat işləri haqqında açıqlamasında məlumat verib. Baş direktorun sözlərinə görə, hazırda mərkəzin 40 seysmik stansiyalar şəbəkəsi vasitəsilə yerli, yaxın, uzaq zəlzələlər, vulkanlar, sürüşmələr, partlayışlar emal edilir: "Pandemiya dövründə seysmik stansiyalar vasitəsilə 1751 yeraltı təkan qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 1195 zəlzələ baş verib. Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası 3 və ondan yuxarı olan 10 zəlzələ qeydə alınıb və həmin zəlzələlərin 4-ü hiss olunub. Pandemiya dövrü ərzində Böyük Qafqazın cənub-şərq hissəsində, yəni Oğuz-Qəbələ, Şamaxı, Siyəzən, Quba ərazilərində seysmik aktivliyin artımı qeydə alınıb. Talış dağlıq zonasında, Samux ərazisində aktivlik fon səviyyəsindən yüksək olub. Xəzər akvatoriyasında seysmiklik fon səviyyəsində olub. İran-Türkiyə sərhədində baş vermiş güclü təkandan sonra afterşoklar davam edir. Seysmikliyin fon səviyyəsindən yüksək olması müşahidə olunur”.

RSXM-in baş direktoru onu da bildirib ki, emal olunan məlumatlar əsasında ayrı-ayrılıqda kataloqlar tərtib olunur. Bu kataloqlarda zəlzələ ocaqlarının parametrləri (Tₒ , φ, λ, h və ml) göstərilir. Eləcə də, emal olunan məlumatlar məlumat bazasına toplanır və arxivləşdirilir. Kataloq əsasında Azərbaycan və ona bitişik ərazilərdə seysmikliyin analizi aparılır. Həmçinin büro tərəfindən maqnitudası 3 və ondan yuxarı olan zəlzələlər aidiyyəti orqanlara göndərilir. Maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar, həmçinin Azərbaycana bitişik ərazilərdə baş verən və bizim sərhədyanı bölgələrdə hiss olunan zəlzələlər haqqında məlumatlar mütəmadi olaraq mərkəzin www.seismology.az saytında yerləşdirilir. Maqnitudası 2 və ondan yuxarı olan zəlzələlər bülleten formatında Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi saytına göndərilir.

Bundan başqa, pandemiya dövründə ayrı-ayrı şöbələrin rəhbərləri ilə qarşıda duran vəzifələrə dair virtual müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib. Mərkəzin elmi nəşri olan "Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri" elmi jurnalının 2020-ci ilin birinci yarımilliyində nəşr olunacaq növbəti sayı çapa hazırlanıb.

Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi dövründə işə cəlbetmə ilə bağlı bütün tələb, qayda və rejimlərinə əməl edilməklə, mərkəz gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Həmçinin mərkəzin xarici ölkələrdə olan tərəfdaşları ilə əməkdaşlıq və təcrübə mübadiləsinə dair vaxtaşırı virtual müzakirələr aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.