CƏMİYYƏT
Respublika Talassemiya Mərkəzində hazırda 2 min 729 xəstə dövlət hesabına müalicə alır
Bakı, 1 avqust, AZƏRTAC
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Talassemiyasız həyat naminə” Proqramı çərçivəsində inşa edilən Respublika Talassemiya Mərkəzində bu xəstəlikdən əziyyət çəkən insanlar daim yüksək səviyyədə müayinə və müalicə alırlar. Hazırda Mərkəzdə dispanser qeydiyyatında 2 min 729 xəstə var ki, onlar müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirir.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki,
2016-cı ilin birinci yarımilliyi ərzində Respublika Talassemiya Mərkəzinə 11 min 802 müraciət daxil olub. Onlardan 1630-u ilkin müraciətlərdir. Dispanser qeydiyyatına alınanların sayı 142 nəfərdir. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatında olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Eyni zamanda, mərkəzin hematoloji şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə alıb və lazımi dərman preparatları ilə təmin olunub.