ELM VƏ TƏHSİL
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Dəmir yumruq” adlı silsilə tədbirlər keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Hərbi Hava Qüvvələrinin əməkdaşlığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Dəmir yumruq” adlı silsilə tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən məlumat verilib. Tədbirin məqsədi uşaq və gəncləri Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüşünü təşkil edərək onlarda vətənə böyük sevgi hissini aşılamaq, vətənpərvərlik ruhunu formalaşdırmaq, öz igidlikləri ilə dastan yazan mərd oğullarımızın xatirəsini yad edərək şücaətlərini gələcək nəsillərə çatdırmaq, müharibədə və Qələbəmizdə böyük rolu olan hərbi hava nəqliyyatı, pilotsuz uçan aparatlar – dronlar, radar sistemləri, raketdən müdafiə sistemləri haqqında maarifləndirməkdir.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Birinci və İkinci Qarabağ müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə Mərkəzin “Cücələrim” ansamblı, “Qavaldaş” ritm qrupu “Zəfər” rəqsi ilə, vokal dərnəyinin üzvləri “Vətəndən pay olmayır” kompozisiyası ilə çıxış ediblər. Ardınca Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisi, rəssam Cavid İlhamın 44 günlük Vətən müharibəsini özündə əks etdirən “Evə qayıdış” animasiya filmi və Hərbi Hava Qüvvələri haqqında videoçarx nümayiş olunub.
Tədbirdə qonaq qismində “N” saylı hərbi hissənin şəxsi heyəti, kapitan Fikrət Cəfər oğlu Səfərov, baş leytenant Yusif İlham oğlu Hacılı, baş leytenant Əkbər İdris oğlu Məmmədov, baş leytenant Elvin Asəf oğlu Abbasov, baş leytenant Mirrabbas İntiqam oğlu Talıbov, baş leytenant Murad Yusif oğlu Abıyev, baş leytenant İbrahim Allahverdi oğlu Hümbətov, baş leytenant Cavid İlqar oğlu Həsənov, baş leytenant Murad Namiq oğlu Yusifli, baş leytenant Təbriz Yusif oğlu Tağızadə, baş leytenant Sərvər Əlibaba oğlu Tapdıqlı çıxışları zamanı öz minnətdarlıqlarını bildirərək, qazandığımız Qələbədən ətraflı danışıb, belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyətli olduğunu və onlara öz peşələrinin mütəxəssisi olmalarını tövsiyə ediblər.
Sonda qonaqlar tədbir iştirakçılarının suallarını ətraflı şəkildə cavablandırıblar.
Qeyd edək ki, tədbirdə mərkəzin 100-ə yaxın müxtəlif dərnək üzvləri iştirak ediblər.