CƏMİYYƏT
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinə qida təhlükəsizliyinin təbliği ilə əlaqədar vebinar keçirilib
Bakı, 4 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və onlara qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinə vebinar keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, vebinarda məktəblilərə həyata keçirilən maarifləndirici tədbirlər haqqında ətraflı məlumat verilib, onlara "Qida məhsullarının etiketlənmə qaydaları" mövzusunda sosial videoçarx təqdim olunub.
İnstitutun əməkdaşı Mədinə Cəfərzadə “Ekoloji təmiz məhsulların seçilməsi, birdəfəlik istifadə olunan qablaşdırmanın insan orqanizminə təsiri, plastik qablaşdırma materialları və onların orqanizmə zərəri” mövzusunda təqdimatla çıxış edib.
Vebinarda ekoloji təmiz məhsulların parametrləri, qablaşdırmanın növləri və üstünlükləri, qablaşdırma materiallarının üzərində istifadə olunan simvollar, təkrar emal haqqında ətraflı məlumat verilib, məktəblilərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.