MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanasına “Xanın üç qızı” adlı nağıl kitabı hədiyyə edilib
Bakı, 8 may, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasına yazıçı-ssenarist Günel Əsgərovanın müəllifi olduğu “Xanın üç qızı” adlı nağıl kitabı hədiyyə edilib. Kitab Azərbaycan və rus dillərində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, 10 nağılın müəllifi olan gənc yazarın anasına həsr etdiyi “Sülh tütəyi” nağılı Kanadada keçirilən nağıl ssenariləri müsabiqəsində qalib olaraq Torontodakı festivalda təqdim edilib.
Yazıçı “Xanın üç qızı” adlı nağılını doğma vətəni Azərbaycana, onun səfalı, gözəl guşələrindən olan Qarabağa həsr edib. Nağılda gerçək həyat – Azərbaycan xalqının məkrli düşmənə qarşı qəhrəman mübarizəsi əks olunub. “Xanın üç qızı” nağılı oxucuları Azərbaycanın tarixinə - xanlıqlar dövrünə səyahətə aparır. Gənc yazıçının qələmə aldığı nağıl xalqımızın mədəni və tarixi irsi, mənəvi dünyası və ailə dəyərləri, vətən sevgisi, iradə gücü və şərəfi haqqında yazılmış qəhrəmanlıq dastanıdır.
Günel Əsgərovanın psixoloji məqamlar üzərində qurulan nağılları dünya mifologiyası və antropologiyası elementlərinə malikdir, tarixi-coğrafi, mənəvi-mədəni dəyərlər baxımından əhatəlidir və hər kəs üçün anlaşılan hisslərin dilində qələmə alınıb.