MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanasında “Qisas” kitabının onlayn müzakirəsi olub
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Xəzər Universiteti Dünya məktəbinin birgə əməkdaşlığı çərçivəsində uşaq yazıçısı Sevinc Nuruqızının Xocalı soyqırımına həsr etdiyi “Qisas” kitabının onlayn müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, onlayn tədbirin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri onlara çatdırmaqdır.
Onlayn görüş Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova qeyd edib ki, Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir.
Yazıçı Sevinc Nuruqızı çıxışında bildirib ki, “Qisas” povesti onun böyüklərə müraciətidir. Əsər Samirin anası və qardaşı ilə birgə əsir düşdükləri hadisələr ətrafında cərəyan edir.
Görüşdə şagirdlər tərəfindən hazırlanmış “Xocalı harayı-29 il” slaydı nümayiş olunub, şeirlər səsləndirilib.