CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatı ilə Baş Prokurorluq səmərəli əməkdaşlıq edir
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan Respublikası Baş Prokurorluğunda yeni yaradılmış Veteranlar Təşkilatının sədri Seyfulla Aslanov ilə görüşüb.
Respublika Veteranlar Təşkilatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl Seyfulla Aslanova təşkilatın tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun həyata keçirdiyi layihələrdən danışıb.
Fatma Səttarova Təşkilatın gördüyü işlər, qarşıda duran vəzifələrdən söhbət açıb. Qeyd edilib ki, respublikanın prokurorluq orqanlarında Veteranlar Təşkilatının yaradılması barədə Baş prokuror Kamran Əliyevə müraciət edildikdən sonra qısa müddətdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Veteranlar Təşkilatı yaradılıb və onun sədri Seyfulla Aslanov seçilib.
Bildirilib ki, prokurorluqda aparılan köklü kadr islahatı, eləcə də prokuror nəzarətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində veteranların rolu mühüm önəm kəsb edir. Gənc kadrların yetişdirilməsində, onların peşəkarlıq səviyyəsinin artırılmasında, təcrübə mübadilələrinin aparılmasında, veteranlarla gənclərin işgüzar görüşlərinin keçirilməsində, prokurorluq əməkdaşlarının sosial hüquqlarının genişləndirilməsində, maddi rifah halının yaxşılaşdırılmasında veteran təşkilatlarının rolunun gücləndirilməsi əhəmiyyətli dərəcədə aktuallaşıb. Son günlərdə prokurorluq əməkdaşlarının əməkhaqqının iki dəfə artırılması, prokurorluğun cəmiyyətdə rolunun gücləndirilməsinə dair davamlı islahatlar ölkə rəhbərliyinin bu orqana verdiyi xüsusi diqqətin nəticəsi kimi dəyərləndirilə bilər. Bu yaxınlarda Baş Prokuror Kamran Əliyevin övladları itkin düşmüş valideynlərin qaldırdığı məsələləri xüsusi nəzarətə götürməsi, müvafiq qanuni göstərişlər verməsi cəmiyyətdə təqdirlə qarşılanıb.
Yerlərdə də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir, prokurorluğa olan inamın və etibarın artmasına təsir göstərir.
Sonda Fatma Səttarova Prokurorluğun Veteranlar Təşkilatının sədri seçilmiş Seyfulla Aslanova işində uğur arzulayıb.
Görüşdə təşkilatın hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov da iştirak edib.