CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də gənclər və idman nazirinin müavini İntiqam Babayev Respublika Veteranlar Təşkilatında kollektivlə görüşüb.
AZƏRTAC xəbər verir ki, tədbiri təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov açaraq Gənclər və İdman Nazirliyinin hər zaman Respublika Veteranlar Təşkilatının fəaliyyətinə təkan verdiyini, vətənpərvərliklə bağlı layihələri dəstəklədiyini bildirib. Erməni faşizminə qarşı mübarizə aparan və qalibiyyətli müharibədən yeni çıxan dövlət kimi bu cür layihələrin ölkəmiz üçün mühüm önəm kəsb etdiyini bildirən Cəlil Xəlilov, gənclər və idman nazirinin müavini İntiqam Babayevin təşkilata bu səfərinin də iki qurum arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Daha sonra Respublika Veteranlar Təşkilatı ilə Gənclər və İdman Nazirliyi arasında birgə tədbirlər planı imzalanıb.
İmzalanma mərasimindən sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizədən söz açıb, xalqımızın göstərdiyi qəhrəmanlıqlardan danışıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdiyini vurğulayan Fatma Səttarova, bu qəhrəmanlığın gələcək nəsillərə də örnək olduğunu bildirib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə veteranların vətən və xalq qarşısındakı tarixi xidmətlərinə toxunub, bu xidmətlərin keçmişimiz və gələcəyimiz baxımından önəmini şərh edib. Azərbaycan xalqının istər XX əsrin ortalarında faşizmə, istərsə də XX əsrin sonu, XXI əsrin əvvəllərində erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını bildirən İntiqam Babayev, vətən uğrunda döyüşən hər kəsin xidmətinin əvəzsiz olduğunu qeyd edib. Bildirib ki, vətənimizin azadlığı, onun sərhədlərinin toxunulmazlığı uğrunda döyüşən insanların vəhdətindən ibarət olan veteranlar təşkilatı cəmiyyətimiz üçün ruh və mənəvi qida rolunu oynayır.