Respublika Veteranlar Təşkilatı ilə “TÜRKEL” Media Qrupu arasında gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
AzerTAg.az
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Almatı və Bişkek Mərkəzli “TÜRKEL” Media Qrupunun prezidenti, Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi Hökümə Xəlilova və həmin yayın qrupunun baş redaktoru, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olublar.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən qonaqlar qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, bunun bütün türk dünyasının maraqlarına xidmət etdiyini vurğulayıblar.
Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın ümumi istiqamətləri müəyyənləşdirilib.
Qeyd edək ki, TÜRKSOY laureatları olan Hökümə Xəlilova və Ramiz Məşədihəsənli həm də Qırğızıstanın “Piramida” televiziya kanalının “Dostluq körpüsü” proqramının aparıcılarıdırlar. Həmin proqram türk dünyasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə, türk xalqlarına məxsus mədəniyyətlərin, adət-ənənələrin, tarixi həqiqətlərin təbliğinə xidmət edir.
Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi polkovnik Samir Musayev, yazıçı-publisist, ehtiyatda olan polkovnik-leytenant Azər Hacıbəyli da iştirak edib.


Xəbərin mətnində orfoqrafik səhv var