CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatında Konstitusiya Günü qeyd edilib
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Respublika Veteranlar Təşkilatında 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov Konstitusiyanın dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin funksiyalarını dolğun əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik hüquqi sənəd olduğunu bildirib. O, həmçinin Azərbaycan Konstitusiyasının dünyanın ən inkişaf etmiş ölkələrinin konstitusiyaları ilə eyni humanist prinsiplərə əsaslandığını vurğulayıb. Xalqımızın müstəqilliyinin bərpasından sonra belə mükəmməl ali hüquqi sənədin qəbul edilməsini Azərbaycanın hüquqi dövlət kimi varlığının əyani sübutu olduğunu deyib.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında Konstitusiyanın əhəmiyyətindən və onun tarixindən danışıb. Cəlil Xəlilov diqqətə çatdırıb ki, müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Azərbaycan xalqı böyük fəxrlə hər il noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir.
Tədbirdə digər çıxış edənlər Konstitusiya Gününün əhəmiyyətindən, Konstitusiyanın xalqın və dövlətin tarixindəki önəmindən danışıblar. Çıxışlarda Konstitusiyanın hazırlanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu xüsusi vurğulanıb.