CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatında Nərimanov rayonunun gəncləri ilə görüş keçirilib
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov rayonundan olan gənclərlə görüş keçirilib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, gənclər iştirak ediblər.
Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov gənclərin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışaraq bildirib ki, veteranların zəngin həyat təcrübəsinin öyrənilməsi baxımından belə görüşlərin əhəmiyyəti böyükdür.
C.Xəlilov Azərbaycan əhalisinin üçdəbirini təşkil edən gənclərin xalqa, dövlətçiliyə sadiq, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olduqlarını qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə gənclərin yaxından iştirakından danışaraq deyib: “Azərbaycanda müasir gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Bütün bunlar gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb. Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Gənclərlə müxtəlif yerlərdə görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələrinin hərtərəfli təbliğində bilik və təcrübəsini əsirgəmir. Bu tədbirlərin əsas məqsədi gənclərimizi hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındakı Vətən torpaqlarını azad etməyə hər an hazır olmağa ruhlandırmaqdır”.
Ölkəmizin sürətli inkişafında, qarşıda duran problemlərin həllində gənclərin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan ehtiyatda olan polkovnik bildirib: “Gənclər ölkənin inkişafı naminə öz potensiallarını səfərbər etməli, siyasi cəhətdən daha da yetkinləşməli, Azərbaycanın etibarlı gələcəyinin qurulmasında yaxından iştirak etməlidirlər. Onlar daxili sabitliyə, xalqın birliyinə qarşı yönəlmiş yad təsirlərdən özlərini qorumağı bacarmalı, belə hallarla inamla mübarizə aparmalıdırlar. Vətəni, müstəqil dövləti qorumaq, daha da inkişaf etdirmək gənclərin ən ümdə borcudur”.
Veteranlar Fatma Səttarova, Adil Haqverdiyev, Cahangir Nəsirov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev və başqaları gənclərə tövsiyələrini çatdırıblar.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov və digərləri gənclərin göstərilən etimadı doğruldacaqlarına və layiqli vətəndaş olacaqlarına əminliklərini bildiriblər.