CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatının əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, veteranlar ulu öndər Heydər Əliyevin ruhuna dualar oxuyub, onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar.
Veteranlar akademik Zərifə xanım Əliyevanın də məzarını ziyarət edib, görkəmli oftalmoloqun məzarı üstünə gül dəstələri qoyublar.
Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bugünkü müasir, müstəqil, çiçəklənən qüdrətli Azərbaycan dahi şəxsiyyətin şah əsəridir. Ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqın məhəbbətini qazanan öndər kimi əbədi yaşayacaq.