CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatının sədri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşüb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilov Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşüblər.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova görüşdə çıxış edərək 44 günlük Vətən müharibəsini Azərbaycanın şanlı tarixinin ən parlaq səhifəsi adlandırıb: “Müqəddəs Vətən müharibəsi dövlətimiz və xalqımız üçün olduqca əhəmiyyətli idi. Biz torpaqlarımızı qaytardıq, faşizmi məğlub etdik. Bu müharibə xalqımızın vətənpərvərlik, birlik və rəşadətinin bir daha sübutu oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşməni cəbhədə, diplomatiyada və eləcə də dünya mediasında məğlub etdik. Bu gün fəxrlə deyə bilərik ki, biz qəhrəman, qalib millətik. Təəssüf ki, müharibə şəhidsiz, xəsarətsiz olmur. Sizlər Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər əllərindən gələni edirlər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız. Hər bir azərbaycanlı sizlərə borcludur. Bu Qələbəni ölümsüzlük qazanan şəhidlərimiz və siz qəhrəman qazilər bizlərə bəxş etmişiniz”.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəliov çıxış edərək şəhid ailələrinə, qazilərimizə ölkəmizdə xüsusi diqqət göstərildiyini və bu sahədə dövlət tərəfindən bütün lazımi işlərin görüldüyünü bildirib. O, respublikamızın şəhid ailələri, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının dünya miqyasında nümunə sayıldığını vurğulayıb. C.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasət respublikamızın daha da güclənməsinə təkan verəcək. Yaralı hərbçilərimizin sağlamlığına qovuşması üçün zəruri tədbirlər görülür, hospitallar, reabilitasiya və sosial xidmət müəssisələrində bunun üçün hər cür şərait yaradılıb. Respublikamızda həyata keçirilən və gündən-günə təkmilləşdirilən sosial layihələr hər bir Azərbaycan vətəndaşını, xüsusən şəhid ailələrini, qaziləri və müharibə iştirakçını əhatə edir.
“Hər birinizə Allahdan cansağlığı arzulayıram. İnanıram ki, təcrübəli həkimlərimizin rəhbərliyi ilə hospitalın tibbi personalı sizin sağlamlığınızı tezliklə bərpa edəcək. İşğaldan azad edilmiş torpaqlarımızda yeni, müasir tələblərə cavab verən, şəhər, qəsəbə və kəndlərin inşasında, respublikamızın çiçəklənməsində bundan sonra da fədakarlıqla, əzmlə çalışacaqsınız. Sizlər - rəşadətli və qorxmaz əsgər və zabitlərimiz hər zaman Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqsınız”, - deyə polkovnik Cəlil Xəliov vurğulayıb.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.