CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatının sədri “Ümumi Qələbəmiz” mövzusunda beynəlxalq videokonfransda iştirak edib
Bakı, 9 sentyabr, AZƏRTAC
“Rus dünyası” fondunda İkinci Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr edilmiş “Ümumi qələbəmiz” adlı beynəlxalq videokonfrans keçirilib.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, “Qələbənin varisləri” Beynəlxalq İttifaqı, Rusiya həmvətənlilərinin Ümumdünya Koordinasiya Şurası, “Müstəqil dövlətlər Veteranlarının İctimai Təşkilatları Birliyi” Beynəlxalq İttifaqın Koordinasiya Şurası və “Rus dünyası” fondunun təşkilatçılığı ilə keçirilən videokonfransda bir çox ölkələrdən Böyük Vətən müharibəsi veteranları, eləcə də Azərbaycandan Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov iştirak ediblər.
Beynəlxalq videokonfransda çıxış edən Təşkilatın sədri Tofiq Ağahüseynov Sovet İttifaqının Hitler Almaniyasını və onun müttəfiqlərini darmadağın etməsində Azərbaycanın rolunu xatırladaraq, müharibəyə çağırılan 700 mindən çox azərbaycanlının yarısından çoxunun həlak olduğunu qeyd edib. Belə tədbirlərin vacibliyini vurğulayan general-polkovnik T.Ağahüseynov İkinci Dünya müharibəsinin başa çatdığı 9 may - Qələbə Gününün ölkəmiz üçün vacib gün olduğunu deyib. Ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışan Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.
Qeyd edək ki, “Rus dünyası” fondunun icraçı direktor müavini Sergey Şurıqin Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovu noyabrın 3-də keçiriləcək XIV Rus Dünyası Assambleyasına dəvət edib.