ELM VƏ TƏHSİL


Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir

Bakı, 18 yanvar, AZƏRTAC

Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə cari tədris ilində keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən Quba-Xaçmaz zonası üzrə Quba rayonu 2 nömrəli tam orta məktəbdə, Lənkəran-Astara zonası üzrə Lənkəran rayonu 2 nömrəli tam orta məktəbdə keçirilən təlimlərə ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 60 nəfərdən çox müəllim cəlb olunub.

Təlimlər zamanı bildirilib ki, festivalın əsas məqsədi məktəblilərdə yaradıcı təfəkkürü və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir. Həmçinin festivala daxil olan “Ekoloji yönümlü və enerji effektli məktəb” və “Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri” haqqında iştirakçılara ətraflı məlumat verilib.

Ümumilikdə 7 zona üzrə keçirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi festival iştirakçılarını bu tədbir haqqında maarifləndirməkdir.

Növbəti təlimlər yanvar ayının sonlarında Şəki-Zaqatala zonasını əhatə edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin müəllimləri üçün keçiriləcək.

Festivalda respublikanın bütün ümumi təhsil müəssisələri şagirdlərinin iştirakı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.