CƏMİYYƏT


Respublika çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə çox olub

 

Bakı, 23 yanvar, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvarda növbəti monitorinq keçirib.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, yanvarın ikinci ongünlüyündə Kür çayında suyun sərfi ayın birinci ongünlüyünə nisbətən saniyədə 27 kubmetr azalaraq 118 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayının Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan artıq olması müşahidə edilib.

Yanvarın ikinci ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 2,3, Ağstafa su anbarının Qazax rayonunun Xanlıqlar kəndindən keçən hissəsində 1,3, Ağstafaçayın Qazax şəhərindən keçən hissəsində 1,4, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 1,8-2,2 dəfə, biogen maddələrdən nitritlərin miqdarı isə 1,5-1,9 dəfə yol verilən qatılıq həddini keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,88-6,50 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.