CƏMİYYƏT


Respublika çaylarında biogen maddələrin miqdarının normadan artıq olduğu müşahidə edilib

Bakı, 11 dekabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabrda növbəti monitorinq keçirib.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, dekabrın birinci ongünlüyündə Kür çayında suyun sərfi noyabrın üçüncü ongünlüyünə nisbətən saniyədə 11 kubmetr artaraq 235 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayının Şıxlı-2 məntəqəsində, Ağstafaçay çayında, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olması müşahidə edilib.

Dekabrın birinci ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 2,5, Ağstafaçayın çayının Qazax rayonu ərazisindən keçən hissəsində 2,2, Ağstafa su anbarının Qazax rayonunun Xanlıqlar kəndindən keçən hissəsində 1,6, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2,1-2,4, biogen maddələrdən nitritlərin miqdarı isə 1,5-1,8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,87-6,87 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.