CƏMİYYƏT
Respublika çaylarında sululuğun azalması müşahidə olunub
Bakı, 16 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 50-70 , Naxçıvan Muxtar Respublikası çaylarında isə 180 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 142 kubmetr olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 153 kubmetr olmaqla ongünlük normanın 91 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 101 kubmetr olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 110 kubmetr təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.
Oktyabrın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 10, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma, Bankədə 2 santimetr artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 378 (2016-cı il oktyabrın 16-da 446 sm), Şirvanda 263, Salyanda 210 (2016-cı il oktyabrın 16-da 278 sm), Bankədə 199 (2016-cı il oktyabrın 16-da 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 106 santimetr (2016-cı il oktyabrın 16-da 155 sm) təşkil edir.