CƏMİYYƏT
Respublika çaylarında suyun oksigen rejimi norma daxilində tərəddüd edib
Bakı, 21 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayında növbəti monitorinq həyata keçirib.
Departamentdən AZƏRTAC-a bildirilib ki, noyabrın ikinci ongünlüyündə Kür çayında suyun sərfi noyabrın birinci ongünlüyünə nisbətən saniyədə 15 kubmetr azalaraq saniyədə 179 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3, Ağstafaçay və Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Noyabrın ikinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib.
Mis birləşmələri Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi isə bütün məntəqələrdə 7,16-8,37 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.