CƏMİYYƏT
Respublika çaylarında suyun səviyyəsi 21 santimetrədək artıb
Bakı, 3 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 80-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-80 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, aprelin 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 243 kubmetr olmaqla ongünlük normanın 52 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 258 kubmetr olmaqla ongünlük normanın 55 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 68 kubmetr olmaqla ongünlük normanın 49 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici saniyədə 147 kubmetr təşkil edərək ongünlük normanın 107 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 14, Salyanda 21, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 8 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 (2016-cı il aprelin 3-də 453 sm), Şirvanda 249 (2016-cı il aprelin 3-də 335 sm), Salyanda 181(2016-cı il aprelin 3-də 234 sm), Bankədə 192 (2016-cı il aprelin 3-də 216 sm), Araz çayının Novruzlu məntəqəsində isə 103 santimetr (2016-cı il aprelin 3-də 170 sm) təşkil edir.