CƏMİYYƏT
Respublika çaylarında suyun tərkibində mis birləşmələri norma daxilində tərəddüd edib
Bakı, 1 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabrda növbəti monitorinq həyata keçirib.
Departamentdən AZƏRTAC-a bildirilib ki, oktyabrın üçüncü ongünlüyündə Kür çayında suyun sərfi oktyabrın ikinci ongünlüyünə nisbətən saniyədə 13 kubmetr azalaraq 170 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Oktyabrın üçüncü ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 7-8,24 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.