CƏMİYYƏT
Respublika çaylarında suyun tərkibində nitritlərin miqdarı yol verilən qatılıq həddini 15-16 dəfə keçib
Bakı, 3 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında növbəti monitorinq həyata keçirib.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, avqustun üçüncü ongünlüyündə Kür çayında su sərfi ayın ikinci ongünlüyünə nisbətən saniyədə yeddi kubmetr artaraq 117 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayının Şıxlı-2 məntəqəsində, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan artıq olması müşahidə olunub.
Avqustun üçüncü ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə, suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,4, Ağstafaçayda 2,2, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 1,9-2,4, biogen maddələrdən-ammoniumun miqdarı 4, nitritlər isə 15-16 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,20-7,51 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.