REGİONLAR
Respublika əhəmiyyətli Kərimli avtomobil yolunun Oğuz hissəsi yenidən qurulur VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrindən ayrılan respublika əhəmiyyətli M-5 (17)-Kərimli avtomobil yolunun Oğuz hissəsinin yenidən qurulması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidən qurulan hissənin uzunluğu 10 kilometrdir və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun hərəkət hissəsi 7 metr, hər istiqamət üzrə çiyinlərin eni isə 2,5 metrdir.
Hazırda layihə çərçivəsində torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağı inşasına hazırlıq işləri aparılır.
Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilir.
Layihə üzrə Sarısu çayı üzərində 30 metrlik körpünün təmiri də icra olunur.
Qeyd olunub ki, M-5 (17)-Kərimli avtomobil yolunun 21 kilometr uzunluğa malik Şəki rayonu ərazisinə aid hissəsində hazırda aşınma qatının yenilənməsi işləri aparılır. Sözügedən hissə 2018-ci ildə Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tərkib hissəsi kimi yenidən qurulub.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri yerlərdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəkləri və kilometr göstəricilərinin, dayanacaqların quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.