REGİONLAR
Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Respublika əhəmiyyətli, uzunluğu 154,5 kilometr olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Bu barədə AZƏRTAC-a tikinti işlərini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun inşa edilib. Yol yatağının eni 12 metr təşkil edir. Suların ötürülməsi üçün 297 dairəvi suötürücü borunun quraşdırılması və 40 yerdə su keçidinin inşası aparılıb. Bundan başqa, yolun altından keçidi təmin etmək məqsədilə 23 alt keçid inşa olunub.
Yolboyu Tərtərçay üzərində uzunluğu 100 metr, Xaçın çayı üzərində uzunluğu 50 metr, İncəçay və Qarqarçay üzərində hər birinin uzunluğu 25 metr, həmçinin Kürəkçay üzərində uzunluğu 18 metr olan 5 yeni avtomobil körpüsü və ümumi uzunluğu 50 metr olan 1 yol qovşağı inşa edilib.
“Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.
Bütün bunlarla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yol mühüm rola malikdir.