CƏMİYYƏT
Respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarına 94600 ədəd müxtəlif növ ağac əkilib
Bakı, 19 may, AZƏRTAC
2017-ci ilin I rübündə magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolaqlarına "Azəravtoyol" ASC tərəfindən 94600 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsinin, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan və Biləsuvar rayonları ərazisindən keçən hissəsinin mühafizə zolaqlarında ümumilikdə 42000 ədəd Eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv digər müxtəlif növ ağac əkilib.
Həmçinin 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC tərəfindən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi avtomobil yolunun 35-40-cı kilometrinin mühafizə zolağında 14567 ədəd, 7 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC tərəfindən R-8 Muğanlı-İsmayıllı yolunun kənarında isə 40 min ədəd müxtəlif növ ağac tingləri əkilib.
Cari ildə Bakı Dairəvi avtomobil yolunda 3 min ədəd, Zığ dairəsi – Hava Limanı avtomobil yolunda 8 min ədəd ağac və kol bitkisi, 2 min ədəd gül kolu əkilib. Bu yaşıllıq sahələrinə su xətləri çəkilib, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.
Qeyd olunub ki, "Azəravtoyol" ASC-nin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 kilometr magistral avtomobil yolunun, 1824 kilometr isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 kilometr avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir.
Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 952 862 ədəd çoxillik ağac mövcuddur.