ELM VƏ TƏHSİL
Respublika elmi-texniki konfransı kimyaçı alimin 90 illiyinə həsr olunacaq
Bakı, 17 iyun, AZƏRTAC
Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə kimya elmləri doktoru, professor S.Sultanovun 90 illiyinə həsr olunan “Yanacaqlar, yanacaq komponentləri, xüsusi təyinatlı mayelər, yağlar və aşqarlar” mövzusunda respublika elmi-texniki konfransı keçiriləcək.
NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsinin məqsədi görkəmli alimin raket, dizel və reaktiv yanacaqlarının alınması istiqamətindəki rolunu bir daha işıqlandırmaqdır.
S.Sultanovun əsas elmi istiqaməti Azərbaycan neftləri əsasında istehsal olunan reaktiv yanacağının keyfiyyətini yaxşılaşdırmaq və yeni yanacaq növlərinin alınması olub. O, apardığı sistematik və məqsədyönlü tədqiqatları ilə Azərbaycan neftinin emalında yeni elmi istiqamətin əsasını qoyub.
Konfransın elmi proqramında reaktiv və raket yanacaqlarının alınma texnologiyası, reaktiv və raket yanacaqları üçün sintetik komponentlər, mühərrik yanacaqları üçün aşqarlar bölmələri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur. Məruzələrin tezislərinin mayın 1-dək qəbul ediləcək. Qəbul olunan məruzələr haqqında məlumatlar iyunun 1-dən başlayaraq müəlliflərə çatdırılacaq. Maraqlananlar tərtib qaydaları ilə NKPİ-nin saytında tanış ola bilərlər.
Konfransın təşkilat komitəsinin sədri NKPİ-nin direktoru, akademik Vaqif Abbasovdur.