ELM VƏ TƏHSİL


Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Bakı, 22 mart, AZƏRTAC 

Aprelin 7-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, olimpiada Bakı şəhərində dörd, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran şəhərləri, Şəki, İsmayıllı, Şəmkir, Ağdaş və Quba rayonlarının hər biri üzrə bir mərkəzdə təşkil olunacaq. İnformatika fənni üzrə olimpiada Bakı Mühəndislik Universitetində keçiriləcək.

Şagirdlər iştiraklarının təsdiqi üçün www.olimpiada.edu.az saytında qeydiyyatdan keçməli və buraxılış vərəqələrini əldə etməlidirlər. Qeydiyyat prosesi martın 29-dək davam edəcək. Qeydiyyatla bağlı hər hansı bir problem yaranarsa, yerli təhsili idarəetmə orqanlarına və ya [email protected] elektron poçtuna müraciət etmək xahiş olunur.

Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında keçirilən respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1419, coğrafiya fənni üzrə 1458, riyaziyyat fənni üzrə 1067, tarix fənni üzrə 617, fizika fənni üzrə 405, kimya fənni üzrə 377, biologiya fənni üzrə 430, informatika fənni üzrə 121 şagird növbəti mərhələdə iştirak hüququ qazanıb.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla səkkiz fənn üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən VII və VIII sinif şagirdləri də IX sinif şagirdləri ilə yanaşı, bilik və bacarıqlarını nümayiş etdiriblər.

Olimpiadaların təşkil olunmasının məqsədi istedadlı uşaqların aşkara çıxarılması, şagirdlərdə fənlərə marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.

Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.