ELM VƏ TƏHSİL


Respublika olimpiadasının qalibləri mükafatlandırılıb

Bakı, 26 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Elm festivalı” çərçivəsində fizika, riyaziyyat və kimya fənləri üzrə respublika olimpiadasi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb, olimpiada hərəkatının ildən-ilə genişləndiyini qeyd edib. Rektor ali məktəb tələbələri arasında fizika, riyaziyyat və kimya fənləri üzrə respublika olimpiadasının Elm və Təhsil Nazirliyinin dəstəyi, BDU və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə keçirildiyini bildirib. Olimpiadanın keçirilməsində məqsəd bu elm sahələri üzrə tələbələrin biliklərini daha da artırmaq, ali məktəblər arasında əlaqələri gücləndirməkdir.

Olimpiadada BDU ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetindən ümumilikdə fizika fənni üzrə 61, riyaziyyat fənni üzrə 94, kimya fənni üzrə 60 tələbə iştirak edib.

Fizika, riyaziyyat və kimya fənləri üzrə Münsiflər Heyətinin sədrləri – professorlar Misavər Musayev, Nazim Kərimov, Nasim Abışov, Təhsil İnstitutunun baş məsləhətçisi, dosent Asif Hacıyev çıxışlarında belə olimpiadaların keçirilməsinin önəmindən danışıb, qaliblərə uğurlar arzulayıblar.

Daha sonra respublika olimpiadasinin nəticələri açıqlanıb. Müsabiqənin nəticələrinə əsasən, 30 tələbə olimpiadanin qalibi olub. Onlardan 3-ü I, 6-sı II, 9-u III, 15-i həvəsləndirici yerlərə layiq görülüb. Olimpiada qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.