MƏDƏNİYYƏT
Respublika üzrə arxivlərimizə 50 minədək müraciət daxil olub
Bakı, 15 noyabr, Ceyhun Alışlı, AZƏRTAC
Ölkə başçısı dövlət qurumları qarşısında konkret tapşırıqlar qoyub. Bu tapşırıqlar ilk növbədə vətəndaşlara şəffaf xidmət göstərmək, müasir idarəçilik metodlarının, müasir menecmentliyin, eləcə də elektron informasiya sistemlərinin işə tətbiqini nəzərdə tutur. Milli Arxiv İdarəsi olaraq, bu tələbləri ən yüksək səviyyədə icra etməyə çalışırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov deyib.
“Son hesabat dövrünün məlumatlarına əsasən, respublika üzrə dövlət arxivlərinə 50 minə yaxın müraciət olunub. Bunlardan 41 faizini daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq edilməsi ilə bağlı arayış və çıxarışlar təşkil edir. Əlavə olaraq, İdarənin fəaliyyətində tətbiq edilən “Bir pəncərə” sistemini göstərə bilərəm. Bu sistem Milli Arxiv İdarəsi və onun tabeliyindəki bütün qurumlar tərəfindən 2017-ci il mayın 10-dan tətbiq olunur. Bu günədək bu sistem vasitəsilə 12 mindən çox vətəndaşa ən yüksək səviyyədə arxiv xidməti göstərilib. Onları müvafiq hüquqmüəyyənedici sənədlərlə, arayışlarla, çıxarışlarla təmin etmişik. Sistem tam olaraq elektron növbə və digər İKT avadanlıq və proqramlarla təmin olunub. Biz, eyni zamanda, “ASAN Xidmət” Mərkəzlərində də arxiv xidməti üzrə fəaliyyət göstəririk. Arxiv işinin elektronlaşdırılması, həmçinin elektron arxivlərin yaradılması istiqamətində də hazırda işlərimiz davam edir”, - deyə Milli Arxiv İdarəsinin rəisi vurğulayıb.