CƏMİYYƏT
Respublika üzrə bütün vəkil qurumlarının rəhbərlərinin iştirakı ilə onlayn iclas keçirilib
Bakı, 29 iyul, AZƏRTAC
Vəkillər Kollegiyası Rəyasət Heyətinin ölkə üzrə 60-dan çox vəkil qurumunun rəhbərlərinin və 80-dən çox vəkilin iştirakı ilə videokonfrans formatında geniş tərkibdə iclası keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına qurumun fəaliyyəti barədə məlumat verib. A.Bağırov bu dönəmdə vəkillərin karantin, habelə peşə etikası və davranış qaydalarına ciddi riayət etmələrinin zəruriliyini bildirib.
İclasda vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə korrupsiya hüquqpozmaları və ya korrupsiyaya şərait yaradan hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilib, vəkil qurumları və bütün vəkillər tərəfindən bu kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyi vurğulanıb, bu işdə vəkil qurumlarının rəhbərlərinin üzərinə böyük məsuliyyətin düşdüyü diqqətə çatdırılıb.
Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri Şahmar Məmmədov dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitlərin cari vəziyyəti, bu sahədə fəaliyyətin daha da səmərələşdirilməsinin yolları barədə fikirlərini bölüşüb. Bir sıra vəkil qurumlarının rəhbərləri - Bakı şəhəri 4, 7, 20 saylı və digər vəkil bürolarının rəhbərləri Ramiz İbrahimov, Qəmzə Qəhrəmanova, İlhamə Həsənova, Rövşən Mərəndski iclasda qurumların fəaliyyətləri ilə bağlı məlumat verib və səmərəli təkliflərlə çıxış ediblər.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib və iki nəfər vəkilliyə üzv qəbul olunub.
Eyni zamanda, səhhətlərindəki problemlərlə və onların müalicəsi ilə bağlı Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılıb, onların müxtəlif müddətlərə üzvlük haqqından azad edilməsi barədə müvafiq qərar qəbul olunub.
İclasda avqust ayı üçün vəkillərin növbətçilik siyahıları təsdiq edilib, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilib.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.