REGİONLAR
Respublikada bu günədək 706 min 796 hektar sahədə taxıl biçini aparılıb
Bakı, 28 iyun, AZƏRTAC
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycanda 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 28-nə olan operativ məlumata görə, ölkə ərazisində 706 min 795,7 hektar ərazidə taxıl biçini aparılıb, 312 min 559,35 hektar ərazidə arpa, 394 min 236,35 hektar ərazidə isə buğda biçini başa çatıb.
Ümumilikdə, bu günədək ölkə üzrə 2 milyon 270 min 391,1 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.
Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Qax, Neftçala, İmişli, Füzuli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Goranboy, Cəlilabad, Göyçay və Ağdaş rayonlarında arpa biçini başa çatmaq üzrədir. Ağdaş ərazisində arpa əkilmiş 11 min 630 hektar sahənin 11 min 382 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 24,2 s/ha təşkil edir.
Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6839 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.