REGİONLAR
Respublikada qarayara xəstəliyinə qarşı aparılan peyvəndləmə tədbirləri başa çatıb
Bakı, 14 iyun, AZƏRTAC
Cari il yanvarın əvvəllərindən etibarən Azərbaycan Respublikası ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq qaramal və davarların, təkdırnaqlı heyvanların, donuz və dəvələrin qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib. Bu ilin 5 ayı ərzində qarayara xəstəliyinə qarşı 2551996 baş iribuynuzlu, 7353609 baş xırdabuynuzlu, 88087 baş təkdırnaqlı, 6995 baş donuz və 105 baş dəvə peyvənd olunub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri (cavan heyvanlar istisna olmaqla) yekunlaşıb. Cavan heyvanlarda peyvəndləmə isə cari ilin üçüncü rübündə aparılacaq.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən qarayara xəstəliyinə görə epizootik vəziyyət sabitdir.