REGİONLAR


Respublikamızın qərb bölgəsindəki alman dili müəllimləri üçün seminar-təlimlərə başlanılıb

Gəncə, 10 dekabr, Rauf Hacıyev, AZƏRTAC

“Alman Dili Müəllimləri” İctimai Birliyinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə respublikamızın qərb bölgəsindəki ümumtəhsil məktəblərində və universitetlərdə alman dili fənnini tədris edən müəllimlər üçün seminar-təlimlərə başlanılıb.

“Alman Dili Müəllimləri” İctimai Birliyinin üzvü, Azərbaycan Dillər Universitetinin Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Qahirə Axundova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tədbirin keçirilməsində məqsəd bu ilin oktyabrında təsis edilən “Alman Dili Müəllimləri” İctimai Birliyinin hazırkı və gələcək fəaliyyəti haqqında məlumat vermək, həmçinin alman dilini tədris edən müəllimlərin nəzəri və praktiki fəaliyyətlərində qarşılaşdıqları problemləri müəyyən etməkdir.

Bildirilib ki, birliyin məqsədi Azərbaycanın ümumtəhsil və ali məktəblərində alman dili fənnini tədris edən müəllimləri öz ətrafında birləşdirməkdir.

Sonra respublikanın qərb bölgəsində ilk dəfə olaraq “Alman Dili Müəllimləri” İctimai Birliyinin təqdimatı olub.

Təqdimatdan sonra almaniyalı və avstriyalı mütəxəssislərin iştirakı ilə Gəncə Dövlət Universitetinin, eləcə də respublikanın qərb bölgəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin alman dili müəllimləri üçün üç müxtəlif mövzuda və fərqli istiqamətdə seminar–təlim keçirilib.

Alman dili dərslərində akademik yazı, alman dilinin tədrisində rəqəmsal multimedia vasitələrindən istifadə və Milad ənənələrinin dərsdə tədrisi mövzularını əhatə edən təlim-seminarlar Alman Akademik Mübadilə Xidməti DAAD-ın nümayəndəsi Mara Liza Gezer, Avstriya Akademik Mübadilə Xidmətinin ölkəmizdəki nümayəndəsi Ştefani Matser, Alman Dilinin Tədrisi Mərkəzinin təcrübəçi müəllimi Liza Brandt tərəfindən aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.