İQTİSADİYYAT
Respublikanın 56 rayonunda kənd təsərrüfatı idarələrinin tikintisi bu il yekunlaşacaq
Bakı, 20 may, Ramiz Quliyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikanın 56 rayonunda kənd təsərrüfatı idarələrinin tikintisinin bu il yekunlaşdırılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev KİV təmsilçilərinə nazirliyin son illər ərzində gördüyü işlər və aqrar sektorun inkişafına xidmət edən tədbirlərlə bağlı açıqlamasında bildirib.
Qeyd olunub ki, Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universiteti üçün iki müasir yataqxana kompleksinin inşası da nəzərdə tutulub. Eyni zamanda, Qarabağ at cinsinin inkişaf etdirilməsi məqsədilə ölkə Prezidentinin Sərəncamına uyğun olaraq ayrılmış vəsait hesabına Ağcabədi rayonunda ən müasir atcılıq kompleksi tikilməkdədir.
Bundan əlavə, ölkədə iri buynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün beynəlxalq standartlara uyğun süni mayalanma mərkəzinin tikintisi də davam etdirilir. Mərkəzə müvafiq avadanlıq və laboratoriyanın alınıb gətirilməsi nəzərdə tutulur.
Nazir müavini həmçinin vurğulayıb ki, bu il baytarlıq şəhərciyinin tikintisinin də yekunlaşdırılması planlaşdırılır. Həmin şəhərcikdə baytarlıqla bağlı bütün strukturlar bir yerdə cəmlənəcək.