CƏMİYYƏT
Respublikanın bəzi çaylarında suyun səviyyəsi 130 santimetrədək artıb
Bakı, 12 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində Lənkəran-Astara bölgəsinə yağan güclü, leysan yağış nəticəsində ərazidən axan Lənkərançay, Vəşərüçay, Təngərüdçay, İstisuçayda suyun səviyyəsi 57-129 santimetr artıb, Boladıçay və Veravulçayda isə sel müşahidə edilib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 40-130, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 450 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, noyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 165 kubmetr olmaqla ongünlük normanın 94 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsi 2 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 66,5 kubmetr olmaqla ongünlük normanın 78 faizinə bərabərdir.
Noyabrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 6, Şirvanda 10, Salyanda 8, Bankədə 16, Araz çayının Novruzlu məntəqəsində isə 5 santimetr artıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 358, Şirvanda 211, Salyanda 163, Bankədə 193, Araz çayının Novruzlu məntəqəsində isə 65 santimetrə bərabərdir.