CƏMİYYƏT
Respublikanın bəzi çaylarında yağan yağış nəticəsində sululuq artıb
Bakı, 10 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan yağışlar nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, aprelin 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 222 kubmetr olmaqla ongünlük normanın 47 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 220 kubmetr olmaqla ongünlük normanın 46 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 70 kubmetr olmaqla ongünlük normanın 51 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 103 kubmetr təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.
Aprelin 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 22, Salyanda 20, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma, Bankədə isə 7 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 375 (2016-cı il aprelin 10-da 428 sm), Şirvanda 241 (2016-cı il aprelin 10-da 343 sm), Salyanda 190 (2016-cı il aprelin 10-da 267 sm), Bankədə 191 (2016-cı il aprelin 10-da 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 santimetr (2016-cı il aprelin 10-da 135 sm) təşkil edir.