CƏMİYYƏT
Respublikanın bir neçə rayonunda oğurluq edən şəxs tutulub
Bakı, 26 oktyabr, AZƏRTAC
Oğurluq etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan şəxsin respublikanın bir neçə rayonunda oxşar cinayət əməlləri törətdiyi də müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun Laçın rayon sakini Nahid Süleymanov olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən ətrafında aparılan tədbirlərlə onun respublikanın bir neçə rayonunda oxşar cinayət əməlləri törətdiyinin də üstü açılıb.
Belə ki, onun cari ilin iyul –sentyabr ayları ərzində respublikanın Masallı, Neftçala, Biləsuvar, Saatlı, Beyləqan və Ağcabədi rayonları ərazilərində, ümumilikdə, 10 mağazadan pul, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları, həmçinin İmişli rayonunun Gövhərli kəndindəki sexlərin birindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.