CƏMİYYƏT
Respublikanın daxili işlər orqanları həftə sonu törədilmiş 104 cinayətin üstünü “isti izlər”lə açıblar
Bakı, 16 may, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) mayın 14-də və 15-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları həftə sonu törədilmiş 104 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, beş nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.