REGİONLAR


Respublikanın müxtəlif bölgələrində toxum sərgi-satış yarmarkaları təşkil ediləcək

Bakı, 11 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında ənənəvi olaraq toxum sərgi-satış yarmarkaları keçiriləcək. Yarmarkalarda Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, AKİA, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak edəcəklər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yarmarkanın müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, rəqabət mühitinin yaradılması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqələrin və münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərin sertifikatlı toxumlara əlçatanlığının təmin olunmasıdır.

Sərgidə əsasən dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.

Qeyd edək ki, toxum istehsalı üzrə respublikanın torpaq iqlim zonalarını, həmçinin toxum istehsalçılarının, fermerlərin yarmarkaya maraqlarını və istəklərini nəzərə alaraq əvvəlki ildən fərqli olaraq toxum sərgi yarmarkası respublikanın 7 müxtəlif bölgəsində - avqustun 18-də Şəkidə, avqustun 20-də İsmayıllıda, avqustun 24-də Qubada, avqustun 29-da Ağcabədidə, avqustun 31-də Sabirabadda, sentyabrın 2-də Cəlilabadda və sentyabrın 8-də Hacıqabulda keçiriləcək.

Yarmarkada məhsulunu nümayiş etdirmək istəyən toxumçular öncədən Aqrar Xidmətlər Agentliyinə müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.