MƏDƏNİYYƏT
Rəssam Ənvər Əsgərovun “Urbi et Orbi” adlı fərdi sərgisi açılacaq
Bakı, 30 aprel, AZƏRTAC
Mayın 1-də Muzey Mərkəzində rəssam Ənvər Əsgərovun “Urbi et Orbi” adlı fərdi sərgisi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, rəssamın yaradıcılığının erkən dövrü sənaye mənzərələri ilə əlaqədar olub. Onun neft Bakısına dair əsərləri Azərbaycan paytaxtının vizit kartı kimi çıxış edib. Rəssamın “Abşeronun orqanı” əsəri 1973-cü ildə “SMENA” jurnalının aprel nömrəsinin üz qabığını bəzəyib.
Ə.Əsgərovun rəsmləri tutarlı, ciddi və eyni zamanda zərifdir. Postsovet dövründə rəssamın sənət dünyasında əzəmətli sənaye kompozisiyalarını həndəsi natürmortlar əvəz etdi. O, tamaşaçını qəfil çevrilmələr və gözlənilməz gedişlərlə təəccübləndirərək özünü op-art (optik incəsənət) janrında da tapdı. Fırça ustasının əsl bakılı kimi uşaqlıqdan sevdiyi badımcan, balqabaq, heyva və Abşeronun digər sərvətləri ilə natürmortları onun yaradıcılığında mühüm bir yer tutur. Bu, sənətkarın bədii bioqrafiyasının ayrıca bir zəngin və parlaq səhifəsidir. Qumlu mənzərələrlə əsər seriyası rəssamın yaradıcılığının əsl incisidir. Abşeron qəsəbələrinin təbiəti, dəniz, Bakının Bilgəh, Nardaran, Buzovna qəsəbələrinin sadə, lakin çox doğma memarlığı ətraflı və zərifliklə onun əsərlərində əksini tapıb.
Ə.Əsgərovun əsərləri bu gün də aktualdır. Gənc rəssamlar arasında məşhur olan dəbli və təhrikedici üsluba malik, “contemporary art” əsərləri onun yaradıcılığında xüsusi yer tutur. Rəssamın belə əsərləri 2012-ci ilin yanvarında Londonda keçirilən “Fly to Baku” sərgisində tələbkar sənətsevərlərin marağını cəlb edib.
Ə.Əsgərovun Muzey Mərkəzində açılacaq fərdi sərgisi mayın 10-dək davam edəcək.