MƏDƏNİYYƏT


Rəssam Rafiq Əziz: Türkiyəyə gəlməyim Xocalıdan olan uşaqlar üçün nə isə edə bilmək istəyimlə bağlı idi

İstanbul, 4 mart, AZƏRTAC

Türkiyəyə gəlməyimin əsas səbəbi Xocalıdan olan uşaqlar üçün nə isə edə bilmək istəyimlə bağlı oldu. O zamanlar Azərbaycanda Təhsil Nazirliyinin şöbəsində işləyirdim, həm də müəllimlik edirdim. 1992-ci ildə Xocalı soyqırımı baş verdikdən sonra hər bir azərbaycanlı kimi, mən də Vətənim üçün nə isə etmək istədim. Uşaqlar arasında “Qarabağ müharibəsi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi kampaniyası başlatdım. Tale elə gətirdi ki, bu kampaniya zamanı çəkilən rəsmlər 1994-cü ildə o zamankı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə İstanbulun “Taksim Sənət Qalereyası”nda nümayiş etdirildi. Sərgi qardaş ölkədən gözləmədiyim qədər böyük bir maraqla qarşılandı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədə fəaliyyət göstərən Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz bildirib.

1992-ci ildə İstanbulda nümayiş olunan belə sərgilərdən birincisi bir çoxları kimi İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri, kökləri Azərbaycana dayanan Bədrəddin Dalanın da marağına səbəb olub. Rafiq Əzizlə görüşən Bədrəddin Dalan Azərbaycanda baş verən hadisələrdən çox sarsıldığını və Qarabağ müharibəsi zamanı valideynlərini itirən on uşağın Türkiyədə təhsil almasına maddi dəstək göstərmək istədiyini bildirib.

Bu haqda danışan rəssam deyib: “O vaxt Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi və Qarabağdan olan bu uşaqların Türkiyəyə gətirilməsində mənə dəstək oldu. Ulu Öndər sonralar İstanbul səfəri zamanı bu uşaqlarla görüşdü.

Uşaqları Türkiyəyə gətirdikdən sonra onlara cavabdeh şəxs olaraq Azərbaycanda iş yerimdən istefa edərək mən də İstanbula köçməli oldum. İllər keçdi və böyük bir məsuliyyəti öz üzərimə götürərək Türkiyəyə gətirdiyim bu uşaqlar orta və ali təhsillərini də çox yüksək səviyyədə tamamladılar. Hətta onlardan biri hazırda Türkiyə universitetlərindən birinin doktorantıdır”.

1995-ci ildə İstanbulda ilk rəssamlıq emalatxanasını açan rəssam 1996-cı ildən etibarən İstanbulun Yeditəpə Universitetində fəaliyyətini davam etdirib və hazırda bu ali təhsil müəssisəsinin görkəmli professorlarından biridir. Bu günə qədər Türkiyənin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, hərbi akademiyaları olmaqla bir çox qurumlarının muzeylərin şəxsi fondunda rəssamın 200-dən artıq əsəri yer alıb və daim nümayiş etdirilir. Rafiq Əzizin yaratdığı sənət əsərləri Türkiyənin dövlət xadimlərinin iş otaqlarını bəzəyir. Rəssamın ən böyük əsərlərindən biri olan “1071 Malazgirt meydan müharibəsi” bu il fevralın 26-da doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib. Rəssam tərəfindən qardaş ölkə başçısına hədiyyə edilən əsərlərdən biri də Prezident Ərdoğanın anasının vəfatından sonra çəkilən portreti olub.

“Sizin bütün əsərləriniz çox incəliyi ilə işlənilməsi ilə xüsusi diqqət çəkir. Bunun səbəbi nədir və sizin üçün bu əsərlər arasında ərsəyə gəlməsi ən çətin olanı hansı olub?” sualımıza həmyerlimiz belə cavab verib: “Mən Türkiyədə muzeylər üçün tarixi mövzulu rəsmlər çəkirdim. Çox böyük sevgi və həvəslə işlədiyim əsərimdə birində bir admiralın yelkənin bağlı olduğu dirəkdə millimetrik səhv tapması məni dərindən sarsıtdı. Bundan sonra işlədiyim hər rəsm barədə daha da dərindən araşdırmalar etməyə başladım. Demək olar ki, yaratdığım hər bir əsər üçün məsuliyyət hissi dəfələrlə artdı. Əsərdə əks etdirdiyim dövrün hadisələrini, fiqurları, geyimləri, gəmi təsvirlərini doğru göstərmək üçün bir neçə tarixi kitab oxumalı oldum. Ən çətin əsərim isə Osmanlı Dövləti tarixinin ən tanınmış gəmiçilərindən biri, Osmanlı İmperatorluğunun ilk kapitan paşası və ya bugünkü adı ilə Dəniz Qüvvələri Komandiri Barbaros Hayrəddin Paşa və onun idarəçiliyində olan gəmilərlə bağlı idi. Belə ki, bu tarixi şəxsiyyətlərin çoxunun əsl simalarını əks etdirən rəsmləri ümumiyyətlə yoxdur. Piri Rəisin Kadırqa Gəmilərini isə onun şəxsi cızmaqaraları əsasında çəkdim. Rəsm çox çətinliklə ərsəyə gəlsə də çox böyük rezonansa səbəb oldu”.

Tarixə böyük marağı olan Rafiq Əzizin Türkiyənin hərbi muzeylərində yüzə yaxın imzalı əsəri yer alır. Bir çox sərgiyə ev sahibliyi edən rəssamın son sərgisi İstanbulun ən tarixi yerlərindən biri olan Üsküdar rayonunun “Nevməkan” binasında baş tutub. “Sərgi İstanbul” mövzulu tədbirdə köhnə İstanbulu özündə əks etdirən əsərlər nümayiş etdirilib. Sənətkar, eyni zamanda, Türkiyənin hərbi akademiyaları, Dəniz Qüvvələri, Komandanlığı və qardaş ölkənin Xəzinə və Maliyyə Nazirliyi nəzdində Zərbxana və Möhür Mətbəəsi Baş İdarəsinin xətti ilə bir neçə simvolik pul vahidinin hazırlanmasında da yaxından iştirak edib. İlk dəfə 2013-cü ildə “Piri Rəisin Dünya Dəniz Xəritəsi çəkdiyi Kitabı-Bahriyənin 500 illiyi” münasibətilə hazırlanan pul vahidinin rəssamlığını edən sənətkar sonralar bir çox simvolik gümüş pulların da rəssamı olub. Rafiq Əzizin təşəbbüsü ilə Türkiyə Zərbxanasında 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” və 2020-ci ildə Azərbaycanın Vətən müharibəsindəki şanlı Zəfəri münasibətilə “Qarabağ Azərbaycandır” simvolik gümüş pul vahidləri hazırlanıb.

Bu haqda danışan rəssam deyib: “Azərbaycanın 44 günlük Vətən müharibəsinin şanlı qələbə ilə taclandırılması hər bir azərbaycanlı kimi, mənim də həyatımın ən xoşbəxt anlarından biri idi. Ötən o 44 gün ərzində bütün hadisələri yaxından izlədim. Bu qələbə Müzəffər Ordumuz, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqının dünyada misli görülməyən birliyinin təzahürü idi. Azərbaycanlı olduğum üçün bir daha fəxr etdim. Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək və bu qələbəni xatirəyə çevirməyə qərar verdim. Adətən zərbxanalarda bu cür pul vahidlərinin hazırlanması bir il əvvəldən planlaşdırılır, lakin, təklif və eskiz təqdim edildikdən sonra “Qarabağ Azərbaycandır” simvolik gümüş pulu növbə gözləmədən hazırlandı. Bunun üçün də türkiyəli qardaşlarımıza, eləcə də Zərbxana baş direktorluğuna xüsusi minnətdarlığımı bildirirəm. Pul vahidini Prezidentimiz İlham Əliyevin doğum günündə hazır olması üçün əlimdən gələni etdim və buna nail oldum”.

“Qarabağ Azərbaycandır” simvolik pul vahidinin iki nüsxəsi (“20 türk lirəsi” və “50 Azərbaycan manatı”) Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılması üçün martın 3-də İstanbula səfəri zamanı mədəniyyət naziri Anar Kərimova təqdim edilib.

Hazırda fəaliyyətini İstanbulda davam etdirən Rafiq Əziz 2016-cı ildə “Türkiyə Hərbi Muzeylərində yağlı boya ilə çəkilən 154 əsəri yer alan və Zərbxanada hazırlanan suvenir gümüş pulların rəssamı olaraq dünyada ilk və yeganə çağdaş rəssam kimi Ginnesin Rekordlar Kitabına daxil olub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.