MƏDƏNİYYƏT
Rəssam Rübabə Mircavadovanın sərgisi açılıb
Bakı, 15 sentyabr, Ceyhun Alışov, AZƏRTAC
Sentyabrın 15-də tanınmış rəssam Rübabə Mircavadova “Fransa mədəniyyətindən təsirlənərək” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Fransanın Azərbaycandakı səfirliyində baş tutan sərgi bir sıra mədəniyyət və incəsənət nümayəndələrinin iştirak ilə keçirilib. Sərgidə firça ustasının Fransa mədəniyyəti mövzusunda 25 rəsm portreti nümayiş olunub. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye qonaqları salamlayaraq sərginin əhəmiyyətindən söz açıb. Fransanın mədəniyyət və incəsənət sahəsinə böyük önəm verdiyini qeyd edən diplomat belə sərgilərin açılmasının hər zaman maraqla qarşılandığını diqqətə çatdırıb. 2010-cu ildə rəssam Rübabə Mircavadovanın Fransanın ədəbiyyat və incəsənət ordeni ilə təltif edilməsini bildirən diplomat , bunun incəsənətə və rəssamın sənətinə göstərilən qayğının nəticəsi olduğunu vurğulayıb. Rübabə Mircavadova ona göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Qeyd edək ki, rəssam Rübabə Mircavadova görkəmli Azərbaycan rəssamı Cavad Mircavadovun qızıdır.