CƏMİYYƏT


Rəssam olmaq arzusunu hərbçi peşəsinə dəyişən şəhid mayor VİDEO

Bakı, 16 mart, Xəyalə Cəfərova, AZƏRTAC

Ötən il noyabrın 30-da səhər saatlarında yayılan bir xəbər xalqımızı dərindən sarsıtdı: Dövlət Sərhəd Xidmətinin Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak oldu, 2 hərbçimiz isə yaralandı. Bu faciəvi hadisə təkcə həmin hərbi qulluqçuların ailə üzvlərinin deyil, böyüklü-kiçikli hər bir azərbaycanlının qəlbini inlətdi. Azərbaycanın peşəkar hərbçilərinin həlak olması ordumuz və xalqımız üçün ağır itki idi. Helikopter qəzasında həlak olan hərbçilərimizdən biri də Vətən müharibəsinin iştirakçısı, hərbi pilot mayor Murad Məmmədov idi.

AZƏRTAC-ın çəkiliş qrupu şəhid hərbçimizin ailə üzvləri ilə görüşüb, onların Muradla bağlı xatirələrini lentə alıb.

Murad Məmmədov 1986-cı il yanvarın 2-də Qərbi Azərbaycanda dünyaya göz açıb. Bakıdakı 278 nömrəli məktəbdə orta təhsilini müvəffəqiyyətlə başa vuran Murad atasının yolunu davam etdirmək - hərbçi olmaq istəyib. Yaşar Məmmədov oğlunun həyat hekayəsini danışmağa bu sözlərlə başladı: “Murad 11-ci sinifdə oxuyarkən qəbul imtahanına çox qısa müddət qalmış rəssam olmaq arzusunu hərbçi olmaq istəyinə dəyişdi. Əvvəlcə onunla razılaşmadım. Çünki hər işdə olduğu kimi, hərbçi peşəsinin də böyük çətinlikləri var. Muradın bu çətinliklərlə üzləşməsini istəmirdim. Ancaq onun fikri qəti idi. Onunla söhbət etdim, söylədim ki, bu peşəni seçirsənsə, xidməti yarıda qoymaq olmaz. Həqiqətən də Murad son nəfəsinədək xidmətini uğurla davam etdirdi”.

Beləliklə, Murad ovaxtkı Milli Təhlükəsizlik Akademiyasının “Sərhəd Qoşunları” fakültəsində ali təhsil almağa başlayır. Daha sonra təhsilini Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” (pilot) ixtisası üzrə davam etdirir.

Şəhid mayorun anası Mürvət Həsənova oğlunun uşaqlıqdan “Mən pilot olacağam” dediyini bildirib: “İşinə ürəkdən bağlı idi. Həmçinin rəsm çəkməyə də böyük həvəsi var idi. Beş il ərzində Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında rəsm və rəngkarlıq sənətinin sirlərinə yiyələndi. Asudə vaxtlarında daha çox təbiət mənzərələri və insanların portretlərini çəkməyi çox sevirdi. Elə ən böyük arzusu təqaüdə çıxdıqdan sonra özünə kiçik bir emalatxana açıb bu sənətlə məşğul olmaq idi”.

Hərbi pilot Murad Məmmədov Vətən müharibəsində əks-həmlə əməliyyatının ilk iştirakçılarından olub. O, müharibədə ağır döyüş əməliyyatlarında fəal iştirak edib, düşmənin canlı qüvvə və texnikasının məhv olunmasında xüsusilə fərqlənib. Onun müharibədə göstərdiyi qəhrəmanlıq nümunələrindən danışan Mürvət xanım deyib: “Təlimlərdə həmişə böyük həvəslə, ruh yüksəkliyi ilə iştirak edirdi. Sonra xəbərlərdə eşitdik ki, müharibə başlayıb. Hər dəfə danışanda “Murad, Allah eləməsin, sənə bir şey olar, ehtiyatlı ol” deyirdim. Ancaq o, mənim bu sözlərimə hər dəfə “Hər şeyə hazır ol”, - deyə cavab verirdi. Dostlarından şəhidlik zirvəsinə ucalanlar oldu. Bu, onu son dərəcə sarsıtdı. Murad müharibədə ayağından yaralandı. Müalicəsi başa çatdıqdan sonra xidmətə qayıtdı”.

Mayor Murad Məmmədov Vətən müharibəsində göstərdiyi rəşadətə görə Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın işğaldan azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Yaşar Məmmədov oğlu Muradı sonuncu dəfə təlimə səhər saatlarında xoş ovqatla yola saldığını qeyd edib: “İşində çox məsuliyyətli idi. Ona dedim ki, öz mənzilinizdə təmir işi aparılır. Bəlkə buna görə bu dəfə təlimə getməyəsən. Razılaşmadı, avtobusa mindi və yola düşdü. Sonra isə həmin acı xəbəri aldıq. Muradsız yaşamaq çox çətindir. Onun yoxluğunu hələ də qəbul edə bilmirəm. Bəzən gecələr qapının döyüldüyünü zənn edirəm. Hövlnak yatağımdan qalxıb qapını açıram. Bir vaxtlar o qapı arxasında Muradı qarşılasam da, indi orada qaranlıq bir boşluq var”.

Murad Məmmədovun iki qız övladı yadigar qalıb. Səkkiz yaşlı Lalə və altı yaşlı Banu tez-tez atalarının məzarını ziyarət edir, ona layiq övlad kimi böyüyürlər. Kiçik Banu da atası kimi rəsm çəkməyə böyük həvəs göstərir. Onun atasının məzar daşını təsvir etdiyi rəsm sosial şəbəkələrdə də böyük maraqla qarşılanmışdı.

Qeyd edək ki, Murad Məmmədov xidməti dövründə dəfələrlə təltif olunub. O, nümunəvi xidmətinə görə müxtəlif vaxtlarda “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 10 il qüsursuz xidmətə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)”, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)”, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.